Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində misilsiz rəşadət göstərdi. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizin tarixi məqamı isə 28 il yarım işğal altında qalan, hərbi-siyasi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin döyüş şücaəti göstərilərək azad edilməsi oldu. Döyüşçülərimiz dağlar, dərələr, meşələr keçərək, Şuşa şəhərində dişinə qədər silahlanmış düşmənə qarşı texnikasız, yüngül silahlarla, süngü-bıçaqla vuruşublar. Xalqımızın belə fədakar oğullarından biri də çavuş Əlizadə Nicat Elxan oğludur. Çavuş Nicat Əlizadə 1994-cü il noyabrın 9-da Şirvan şəhərində anadan olub. 2002-2012-ci illərdə Şirvan şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb. 2013-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək Nicat Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirməsinə baxmayaraq, torpaqlarımızın düşmən tapdağında olması Nicatı hər zaman narahat etdiyi üçün bundan sonrakı həyatını və işini hərbiyə bağlamaq qərarına gəlir. O, 2015-ci ilin avqust ayında Daxili Qoşunlarda müddətdən artıq xidmət etmək üçün sənədlərini verərək, Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində radiotelefonçu-atıcı vəzifəsinə təyin olunub. 2017-ci ilin avqust ayında isə xüsusi təyinatlı dəstədə eyni vəzifəyə keçirilib. Vətən müharibəsi başlayana qədər bu vəzifədə xidmət edən Nicat xüsusi təyinatlıların sırasında torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qoşulub. 44 gün davam edən müharibə zamanı Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə amansız zərbələr vurub, onların qəhrəmanlıq nümunələri müasir hərb salnaməmizə yazılıb. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda mövqelərimizin müdafiəsi, ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb. Döyüşçülərimiz Şuşaya meşə və dağ keçidlərini aşaraq həmlə ediblər. Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən düşmənin minaatanlardan və tanklardan atəşinə məruz qalıblar. Yaralı və şəhidlərin olmasına baxmayaraq, Nicatın da daxil olduğu qrup Şuşa-Xankəndi yolu istiqamətində irəliləyib. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək tapşırığı verilib. Qazimiz Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin iştirakçısı olduğunu bildirdi. O qeyd etdi ki, Xankəndi istiqamətindən düşmən tanklardan və ağır artilleriyadan bizim qüvvələri atəşə tuturdu. Nicatın daxil olduğu və digər qruplar Şuşa-Xankəndi yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürüblər. Lakin Şuşa-Xankəndi istiqamətində qeyri-bərabər döyüşlərdə düşmən qüvvələrini məğlub edərək irəliləmək heç də asan olmayıb. Çünki düşmənin zirehli texnikası sürətlə mövqelərimizə doğru irəliləyirdi. Bu isə çoxsaylı əsgər ölümünə səbəb ola bilərdi. Nicat düşmənin bir neçə zirehli texnikasını sərrast atışları ilə sıradan çıxaran, onun daxil olduğu qrupun irəliləməsində böyük şücaət göstərən, onunla birlikdə xidmət etmiş baş çavuş Kənan Kərimovun qəhrəmanlığının unudulmayacağını bildirdi. Qazimiz noyabr ayının 6-da Xankəndi-Şuşa yolunda düşmənin tankdan atəşi nəticəsində mərminin yaxınlığına düşməsi nəticəsində yaralanıb. Düşmənin atəşindən yayınmaq üçün səngərə tullanarkən qəlpə onun sol əlinin 2 barmağını aparıb, əlindəki silahı isə 2 yerə bölüb. Nicat yaralanan zaman ona Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı gizir Şiraz Həsənovun ilkin tibbi yardım göstərdiyini söylədi: “Mənə dərhal Şiraz ürək-dirək verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə sarıdı. Daha sonra mənim təxliyyə olunmağıma köməklik etdi”. Qazimiz müharibədə ən ağır sarsıntının gözlərinin önündə silahdaşlarının şəhid olduqları anlarda yaşandığını bildirdi. Yaralandığı zaman qoşunların “N” saylı hərbi hissəsinin Cəlilabad rayonundakı ayrı yerləşən patrul taborunun xüsusi təyinatlısı baş əsgər Pərviz Həsənovun (ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib) yanında başından aldığı qəlpə yarasından şəhid olduğunu ürək ağrısı ilə qeyd etdi. Nicat yaralanmasına baxmayaraq, 3 gün, Şuşanın işğaldan azad olunduğu günə qədər döyüş bölgəsindən ayrılmayıb. Noyabrın 8-i şəhərin azad olunması xəbərinin Azərbaycan Respublikasının Prezidentinə məruzə edilməsi onun ağrılarını belə unutdurub. “Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz nitqində deyib. Azərbaycan Nicat kimi oğulların sayəsində üçrəngli bayrağını azad olunan torpaqlarımızın hər guşəsində dalğalandıra bilib. Hərbi qulluqçumuz noyabrın 8-də sanitar maşını ilə Hadruta gətirilib. Şuşa azad edilən günün səhəri - noyabrın 9-da isə Füzuli Rayon Xəstəxanasına aparılıb. Tibb işçiləri Nicata xüsusi diqqət və qayğı göstərməklə yanaşı, həm də doğum gününü qeyd ediblər. Nicat üçün bu doğum günü həyatında heç vaxt unudulmayacaq bir doğum günü olub. O, bu yeni yaşında qürurlu anlar yaşadığını vurğuladı. “Vətənimi sevərək, onun layiqli övladı olmağa çalışmışam” deyən Nicat bildirdi: “Barmaqlarımı itirmişəm, canım belə Vətənə qurbandır. Uzun illər həsrətində olduğumuz Şuşamıza qovuşduq. Bu mənim və silahdaşlarımın həyatında ən dəyərli gündür”. Daha sonra bir gün Şirvan Xəstəxanasında müalicə alan qazimiz noyabrın 11-dən müalicəsini Daxili Qoşunların Hərbi Qospitalında davam etdirib. Daxili işlər naziri Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımıza baş çəkərkən çavuş N.Əlizadənin vəziyyəti ilə də maraqlanıb. Nicatın sol əlinin iki barmağının olmamasına baxmayaraq, onun xidmətini polis orqanında davam etdirməsini təklif edib. Hərbi qulluqçumuz bu təklifi minnətdarlıq hissi ilə qəbul edib. Hal-hazırda polis serjantı Nicat Əlizadə Şirvan Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsindədir. “N” saylı hərbi hissədə “Gürzə” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev dəstədə xidmət etmiş çavuş N.Əlizadənin Vətən müharibəsində tabeliyində olan qrupun tərkibində döyüşdüyünü bildirdi: “Yüksək iradə və cəsarət nümunəsi göstərən Nicat bir addım belə düşmənin güllə, mərmi atəşi altında geri çəkilməyib, hədəfə çatanadək düşmən üzərinə həmlələr edib”. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Nicat Əlizadə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Nicat Vətəninə və xalqına layiq gənc olduğunu döyüş sınağında sübut etdi. kapitan Sadıq Rəfiyev, DİN-in Daxili Qoşunlarınınmətbuat xidmətində zabit